Vüsal Əliyev və Cavad Qurbanlı “Səbail”də!

2026/2027 mövsümündə də Birinci Liqada mübarizə aparacaq “Səbail” heyətini daha 2 futbolçu – Vüsal Əliyev və Cavad Qurbanlı ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Səbail” son olaraq Birinci Liqa təmsilçisi “Şahdağ Qusar”da çıxış etmiş bu iki futbolçu ilə 1 illik müqavilə bağlayıb.

Vüsal Əliyev “Zirə”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2025-ci ilin sentyabr ayından “Şahdağ Qusar”da çıxış edirdi. 23 yaşlı futbolçu vaxtilə Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da forma geyinib.

Cavad Qurbanlı isə “Neftçi”nin yetirməsidir. 24 yaşlı futbolçu mərkəz müdafiəçisidir. O, karyerası ərzində “Zirə-2” və “Zaqatala”da da çıxış edib. Müdafəçi 2025-ci ilin sentyabrından “Şahdağ Qusar”ın uğurları üçün çalışırdı.

“Səbail” bu yay sabiq oyunçularından Bahadur Həziyev, Rubin Seyidov, Vüsal Məsimov və Zeynəddin Abdurrahmanovu heyətinə qaytarmış, həmçinin “Sumqayıt”dan Mehdi Cənnətovu, “İmişli”dən Abbas Ağazadəni, “Mingəçevir”dən isə Kənan Quliyevi transfer edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: