“Qarabağ”ın əsas heyət üzvlərindən olan kolumbiyalı hücumçu Kamilo Duran bundan sonra Şotlandiya nəhəngi “Seltik”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifi, kolumbiyalı hücumçunun istəyi nəzərə alınaraq müsbət cavablandırılıb. Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub. Rəsmi açıqlanmasa da, “Seltik”in bu transfer üçün “Qarabağ”a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) təzminat ödədiyi iddia olunur. Bu isə Azərbaycan futbolu tarixinin ən bahalı futbolçu satışı deməkdir.
Xatırladaq ki, Kamilo Duran 2025-ci ilin avqustunda Portuqaliyanın “Portimonense” klubundan 200 min avro müqabilində “Qarabağ”a keçmişdi. 24 yaşlı kolumbiyalı futbolçunun Ağdam klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi.
Duran “Qarabağ”ın heyətində 45 oyuna çıxıb, 15 qol və 10 məhsuldar ötürmə müəllifi olub. O, Azərbaycan klubu ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.
Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış etmiş Duran daha sonra Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.


