Vernidub: “Niyə Azərbaycan çempionu da olmayım?”

“Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidub ölkəsinin “ua.tribuna.com” saytına müsahibə verib, Azərbaycandakı fəaliyyətindən danışıb.

Arena.az təcrübəli mütəxəssisin müsahibəsini təqdim edir:

– Yeni müqavilənizdən başlayaq. “Neftçi” ilə sözləşmənin müddətini uzatdınız. Başqa variantları da nəzərdən keçirirdiniz, yoxsa komandada hər şey sizi qane edir?
– Məni “Neftçi”də hər şey qane edir. Bu, yaxşı komandadır, iş şəraiti də yüksək səviyyədədir. Rəhbərlik mənə yeni müqavilə təklif etdi və mən də dərhal razılıq verdim. Hər şey əladır.

– Artıq yeni mövsümün hədəfləri müəyyənləşdirilib?
– “Neftçi”də hədəflər həmişə ən yüksək olur. Üstəlik, bu il klub 90 illik yubileyini qeyd edir. Buna görə də mümkün olan ən yüksək nəticəni əldə etmək istəyirik. Amma yubiley olmasa belə, “Neftçi” Azərbaycanın tarixi klublarından biridir və burada məqsədlər həmişə böyük olur.

– Ötən mövsümü dördüncü pillədə başa vurdunuz. Bu dəfə hansı əyarlı medalları hədəfləyirsiniz?
– Ən yüksək əyarlı medalları qazanmaq istəyirik. Necə alınacağını zaman göstərəcək. Mən Belarus və Moldovada iki dəfə çempion olmuşam. Niyə Azərbaycan çempionu da olmayım? Bunu özüm də çox istəyirəm və qarşıma belə məqsəd qoyulmasına sevinirəm.

– Komandanız Konfrans Liqasının seçmə mərhələsində çıxış edəcək. Orada məqsədiniz nədir?
– Bəli, çempionatda dördüncü yeri tutaraq Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazandıq. Mən əvvəllər Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərində iştirak etmişəm. Amma Konfrans Liqasının əsas mərhələsində olmamışam. Çox istəyirəm ki, bu dəfə ora yüksələk.

“Azərbaycan çempionat kifayət qədər gözlənilməzdir” – Yuri Vernidub

– Azərbaycan futbolu haqqında nə deyə bilərsiniz?
– Azərbaycan çempionatı kifayət qədər maraqlıdır. Premyer Liqada 12 komanda çıxış edir və yarış üç dövrədən ibarətdir. Püşk elə olur ki, hansısa rəqiblə üç oyunun ikisini evdə, yaxud əksinə, ikisini səfərdə keçirə bilərsiniz. Bu da çempionata maraq qatır. Çempionat kifayət qədər gözlənilməzdir. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların belə sürpriz etməsi mümkündür. Məsələn, “Qarabağ” “Kəpəz” kimi komandalara qarşı vacib xallar itirmişdi. Azərbaycanda kifayət qədər güclü komandalar var – “Neftçi”, “Qarabağ”, “Sabah”, “Zirə”, “Sumqayıt”, “Araz”. Sadaladığım bu altı komanda daim yüksək yerlər uğrunda mübarizə aparır. Hazırda təlim-məşq toplanışları gedir və Ukrayna klubları yoxlama oyunlarında “Qarabağ”la “Sabah”a qalib gəliblər. Amma belə matçlara əsasən nəticə çıxarmaq olmaz. Kimisi böyük fiziki yüklənmələr altında oynayır, kimisi isə konkret oyuna xüsusi hazırlaşır. Azərbaycanda azarkeşlər futbola maraq göstərirlər. Xüsusilə “Neftçi” – “Qarabağ” və ya “Neftçi” – “Sabah” oyunlarında stadionlar demək olar ki, tam dolur. “Neftçi”, “Qarabağ” və “Sabah”ın çoxsaylı azarkeşləri var.

– Azərbaycanda hakimlik barədə nə deyə bilərsiniz?
– Azərbaycanda hakimlik də digər ölkələrdə olduğu kimidir. Hakimlər səhv edirlər, narazılıqlar olur. Açığı, məşqçi kimi bu mövzunu çox müzakirə etmək istəmirəm. Bu problem həmişə olub və olacaq. Hətta dünya çempionatı da göstərir ki, səhvlər və mübahisəli qərarlar qaçılmazdır. Hər məşqçi hakimin səhv etdiyini düşünəcək, hakim isə öz qərarını müdafiə edəcək. Ötən mövsüm mənim də belə vəziyyətim olmuşdu. Xüsusilə “Zirə” ilə oyunda. Həmin görüşdə heç-heçə etdik və itirdiyimiz xallar sonradan üçüncü yeri tutmağımıza mane oldu. Biz “Turan”la eyni sayda xal toplamışdıq, amma reqlamentə əsasən əvvəlcə qələbələrin sayı nəzərə alınır. Belə hallar olur. Sonradan hamı hakimin səhv etdiyini qəbul etdi, amma artıq nəticəni dəyişmək mümkün deyildi. Buna görə də səbirli olmaq və bir-birinə hörmətlə yanaşmaq lazımdır.

“Neftçi”yə Ukraynadan da futbolçular dəvət etmək istərdim” – Yuri Vernidub

– “Neftçi”də oyunun və nəticələrin yaxşılaşmasını futbolçular da qeyd ediblər. Buna necə nail oldunuz?
– Buraya gələndə demişdim ki, komandada kifayət qədər keyfiyyətli futbolçular var. Hamısı texnikalı və sürətlidir. Sadəcə oyun üzərində işləmək lazım idi. Futbolçular dediklərimizi tez başa düşdülər və xarakter göstərdilər. Mən onlara təşəkkür edirəm ki, həm mənim, həm də məşqçilər korpusumun futbol fəlsəfəsini qəbul etdilər. Məhz buna görə irəli addım ata bildik. İndi heyət yenilənib və yenidən hər şeyə sıfırdan başlayırıq. Amma problem görmürəm. Futbolçular işləməyə hazırdırlar, məşqlərə ciddi yanaşırlar. Qarşıya qoyulan məqsədlərə çatmaq gücümüz daxilindədir. Xarakter və intizam əsas amillərdir. Bundan başqa, futbolçular meydanda nə istədiyimizi, hücumda və müdafiədə necə davranmalı olduqlarını düzgün başa düşməlidirlər. Əgər bunu dərk edib yerinə yetirirlərsə, nəticə də gəlir.

– Heyəti gücləndirmisiniz? Ukrayna bazarını izləyirsiniz?
– Artıq dörd futbolçu transfer etmişik. Bunlardan biri Azərbaycanın milli komandasına da dəvət almış 21 yaşlı sol cinah müdafiəçisi Rüfət Abbasovdur. O, “Şamaxı”dan gəlib, amma “Neftçi”nin yetirməsidir. Bundan başqa, üç legioner cəlb etmişik. Mərkəz müdafiəçisi Endryu Qravilyon Fransa və İtaliyada çıxış edib, Qvadelupa millisinin üzvüdür və kifayət qədər yüksək səviyyəli futbolçudur. Yarımmüdafiəyə Portuqaliya çempionatından braziliyalı Qustavo Klismanı, hücum xəttinə isə Slovakiya millisinin üzvü Lyubomir Tuptanı transfer etmişik. O, çox universal futbolçudur, həm cinahlarda, həm mərkəz hücumçusu, həm də “10 nömrə” və “8 nömrə” mövqelərində oynaya bilir. Bilirik ki, heyəti daha da gücləndirmək lazımdır və bu istiqamətdə iş aparırıq. Mən Ukraynadan da futbolçular dəvət etmək istərdim. Amma bəyəndiyimiz oyunçuların hamısının yaxşı klublarla müqavilələri var. Buna görə də hazırda bunu reallaşdırmaq çətindir.

“Azərbaycan haqqında pis heç nə deyə bilmərəm” – Yuri Vernidub

– Azərbaycan haqqında ilk təəssüratlarınız necədir?
– Azərbaycan mənim çox xoşuma gəlir. Azərbaycanlılar çox tərbiyəli, mehriban və qonaqpərvər insanlardır. Ünsiyyətdə heç bir problem yaşamamışam. Bakı çox gözəl şəhərdir və sürətlə inkişaf edir. Şəhər Xəzər dənizinin sahilində yerləşdiyi üçün burada balıq növlərinin seçimi də çoxdur. Yerli mətbəxi də çox bəyənirəm. Yayda hava isti olur, amma qış Ukrayna ilə müqayisədə daha mülayim keçir. Rütubət yüksək olduğuna görə +25-27 dərəcə istilikdə belə nəfəs almaq bir qədər çətinləşir. Şəhərin məşhur küləkləri isə havanı sərinləşdirir və istini daha rahat keçirməyə kömək edir. Azərbaycan haqqında pis heç nə deyə bilmərəm. Üstəlik, azərbaycanlılar Ukraynaya böyük dəstək göstərirlər. Bu xalqı və insanlarını çox bəyənirəm. Hər şey əladır.

– “Neftçi”də çalışdığınız dövrdən maraqlı bir hadisəni xatırlaya bilərsinizmi?
– Mən sakit və təmkinli insanam. Həyat yoldaşımla şəhərdə gəzəndə insanlar tez-tez yaxınlaşıb şəkil çəkdirirlər, “Neftçi”yə uğurlar arzulayırlar. Xüsusilə restoranlarda və kafelərdə işçilər məni tanıyır, böyük hörmət göstərirlər, söhbət edirik. Açığı, bunun xaricində xüsusi danışacağım maraqlı hadisə yoxdur. Hər şey qaydasındadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: