19 yaşadək futbolçulardan ibarət İspaniya millisi (U-19) Avropa çempionatının finalında Almaniyanı 2:0 hesabı ilə məğlub edərək çempion olub.
Arena.az xəbər verir ki, Uelsin Rekshem şəhərindəki “Racecourse Ground” stadionunda keçirilmiş həlledici görüşdə ilk təhlükəli epizodları Almaniya yaratsa da, oyunun gedişində üstünlüyü ələ alan ispanlar fasiləyə üstün yollanıblar.
39-cu dəqiqədə Hüqo Lopes uzaqdan vurduğu zərbə ilə dirəyə nişan alsa da, beş dəqiqə sonra hesabı açmağı bacarıb. Daniel Yanyesin zərbəsindən sonra top dirəkdən meydançaya qayıdıb və vəziyyəti yaxşı qiymətləndirən Hüqo Lopes yaxın məsafədən topu qapıya göndərib.
İkinci hissənin əvvəlində İspaniya üstünlüyünü daha da artırıb. Əvvəlcə Andres Kuenkanın uzaqdan zərbəsindən sonra Almaniya qapıçısı Florian Hellstern topu küncə çıxarıb. Ardınca həmin künc zərbəsindən Daniel Yanyesin ötürməsini Mario Rivas başla dəqiq tamamlayaraq hesabı 2:0 edib.
Almaniya 57-ci dəqiqədə Morits Reymersin təhlükəli zərbəsi ilə fərqi azaltmağa yaxın olsa da, İspaniya qapıçısı Manu Qonsales komandasını qoldan xilas edib. Oyunun sonlarında Montrell Kalbrit və Caykis Fildsin baş zərbələri də nəticəni dəyişməyib.
Beləliklə, İspaniya finalda Almaniyanı 2:0 hesabı ilə məğlub edərək tarixində 10-cu dəfə 19 yaşadək futbolçular arasında Avropa çempionu adına sahib çıxıb.
Bu uğurla ispanlar turnirin ən titullu komandası statusunu daha da möhkəmləndiriblər. Onlar sonuncu dəfə 2024-cü ildə çempion olmuş, 2025-ci ildə isə finalda uduzaraq gümüş medallarla kifayətlənmişdilər.
Bundan əlavə, İspaniya U-19 Avropa çempionatının tarixində bütün turniri qol buraxmadan başa vurmuş ilk komanda kimi də tarixə düşüb.
Bu, həmçinin İspaniyanın turnirin finalında Almaniya üzərində ikinci qələbəsi olub. Sözügedən komanda bu rəqibini ilk dəfə 2002-ci ildə keçirilmiş ilk U-19 Avropa çempionatının finalında məğlub etmişdi. Həmin görüşdə yeganə qolu gələcəyin əfsanəvi hücumçusu Fernando Torres vurmuşdu.


