Lamin Yamalın evini qarət etməyə cəhd etdilər

Futbol üzrə İspaniya milli komandasının 19 yaşlı cinah hücumçusu Lamin Yamalın Barselona yaxınlığındakı evi qarət olunmağa cəhd edilib.

Arena.az xəbər verir ki, bu barədə “La Vanguardia” nəşri məlumat yayıb.

Hadisənin DÇ-2026-nın yarımfinalında İspaniyanın Fransanı 2:0 hesabı ilə məğlub etməsindən sonra, yerli vaxtla saat 04:00 radələrində Espluqes-de-Llobreqat yaşayış məntəqəsində baş verdiyi bildirilir.

Məlumata görə, futbolçunun şəxsi mühafizə xidmətinin əməkdaşı müşahidə kameralarında iki nəfərin evin hasarına dırmaşdığını görüb. Şübhəlilər izlənildiklərini anlayan kimi hasardan enərək hadisə yerindən qaçıblar.

Hadisə ilə bağlı Kataloniya polisi araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanları qarət cəhdinin baş verdiyini təsdiqləsələr də, evin sahibinin kimliyini açıqlamayıblar.

“La Vanguardia” yazır ki, sözügedən ev əvvəllər İspaniya millisinin sabiq futbolçusu Jerar Pike ilə dünya şöhrətli müğənni Şakiranın birgə yaşadığı mülk olub və bu səbəbdən geniş ictimaiyyətə yaxşı tanınır. Bir neçə ay öncə həmin evi Lamin Yamalın aldığı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, 19 yaşlı Lamin Yamal “Barselona” akademiyasının yetirməsidir. O, əsas komandada 2023-cü ilin aprelindən çıxış edir. Hücumçu Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu (2023, 2025, 2026), iki dəfə İspaniya Superkubokunun (2025, 2026), bir dəfə isə ölkə kubokunun (2025) qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: