Azərbaycanı Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə təmsil edən “Zirə” bu turnirin 2-ci təsnifat mərhələsində “Payde” ilə qarşılaşacaq.
Arena.az xəbər verir ki, Estoniya təmsilçisi 1-ci təsnifat mərhələsində Litvanın “Hegelman” komandasından güclü olub.
Ötən həftə Litvada keçirilmiş ilk oyunda bu komandalar 1:1 hesablı heç-heçəyə razılaşmışdılar. Bu gün Estoniyada baş tutmuş cavab görüşündə isə meydan sahibləri 3:0 hesablı darmadağına imza atıblar. 17-ci dəqiqədə Modu Pa Sohna hesabı açıb. 42-ci dəqiqədə Abdurahami Badamosi hesab arasındakı fərqi artırıb. Oyunda son nötqəni isə 69-cu dəqiqədə Kristofer Piht qoyub.
Beləliklə, iki oyunun nəticəsinə görə 4:1 üstün olmuş “Payde” Konfrans Liqasının 2-ci raundunda “Zirə”yə rəqib olub. Azərbaycan və Estoniya təmsilçiləri arasındakı ilk oyun gələn həftə rəqib meydanında baş tutacaq. Cavab görüşü isə ondan bir həftə sonra Azərbaycanda keçiriləcək.
Xatırladaq ki, “Zirə” də Konfrans Liqasının ilk raundunda Gürcüstanın “Torpedo” (Kutaisi) komandasını hər iki oyunda 3:0 hesabıyla məğlub edərək mərhələ adlayıb.


