Rəşad Sadıqov: “Torpedo” ilə qarşılaşmaq istəmirdik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”ya qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstan təmsilçiləri arasında bu gün Kutaisidə baş tutmuş cavab oyunu da ilk görüşdə olduğu kimi, “qartallar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibin oyunun əvvəlində sistemini dəyişməsi bizim üçün gözlənilməz oldu. Bir çox matçlarını analiz etmişik. Heç birində belə oynamırdılar. İlk dəqiqələrdə bu sistemə qarşı oynamaq üçün bir az çətinlik yaşadıq. Amma futbolçular yaxşı reaksiya verdilər, rəqibin təhlükə yarada biləcək hücumlarının qarşısını aldılar. Dəqiqələr ötdükcə oyunu bərabərləşdirə, daha sonra üstünlüyü ələ ala bildik. İlk hissədə vacib iki qol vurduq. Futbolçuları, klub rəhbərliyini, azarkeşləri təbrik edirəm.

Püşkdən əvvəl “Torpedo” ilə qarşılaşmaq istəmirdik. Təcrübəli baş məşqçiləri, tarixi ənənələri var. Gürcüstan çempionatında yaxşı çıxış edirlər. Avrokubok təcrübələri də mövcuddur. Amma hər şey bizim üçün uğurlu alındı və mərhələ adladıq”.

Xatırladaq ki, “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Payde” (Estoniya) ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: