Son olaraq Avstriyanın “Austria Lustenau” komandasında forma geyinmiş hücumçu Azuma Abubakar bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
29 yaşlı forvard qarşıdakı mövsümün sonuna kimi “Kəpzə”də çıxış edəcək. Onunla 1 illik müqavilə imzalanıb.
Azuma Abubakar Qanada dünyaya gəlsə də, Portuqaliya vətəndaşlığı da var. O, peşəkar karyerasına Niderlandın “Villem II” komandasında başlayıb. Daha sonra “Maastrixt”, “Kriens”, “Luqano”, “Lütsern”, “Qrasshopper”, “Brisban Roar”, “Birkirkara” kimi klublarda forma geyinmiş hücumçu “Austria Lustenau” komandasına bu ilin yanvarında azad agent kimi qoşulmuşdu. O, Avstriya klubunun heyətində cəmi 8 oyuna çıxıb və 1 assistlə yadda qalıb. Mövsüm bitən kimi “Austriya Lustenau” onunla yollarını ayırıb.
Abubakar bir vaxtlar Portuqaliyanın U-19 milli komandasının da formasını geyinib.
“Kəpəz” daha öncə Rojerio Santos və Vadim Abdullayevi də heyətinə qatmışdı. Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska klubla yeni müqaviləyə imza atıblar. Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa və Ryonosuke Ohori isə komandanı tərk ediblər.


