Elxan Səmədov: “Əlimizdən gələni edəcəyik ki…”

Bu gün növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsinə seçilmiş Elxan Səmədov bununla bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, o, qurumun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Mənə göstərilən böyük etimada görə Peşəkar Futbol Liqasının üzvü olan bütün klublarımıza, bizə dəstəyini əsirgəməyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, şəxsən AFFA-nın prezidenti cənab Rövşən Nəcəfə təşəkkürümü bildirirəm. Çalışdığım müddətdə futbol ailəsinin, media nümayəndələrinin diqqətini, dəstəyini görmək, həmrəyliyini hiss etmək həmişə əlavə güc verib. Komandamla birlikdə əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bizə bəslənilən bu yüksək inamı əməli fəaliyyətimizlə tam şəkildə doğruldaq. İnanıram ki, AFFA, eləcə də futbol ailəsinin hər bir üzvünün qarşılıqlı dəstəyi nəticəsində vahid məqsəd ətrafında birləşərək, ortaq səylərimizlə Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”.

Xatırladaq ki, bu gün Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağı keçirilib. Tədbirdə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkiləri baş tutub. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: