Kristian Orosko “Mançester Yunayted”də!

İngiltərənin “Mançester Yunayted” klubu kolumbiyalı yarımmüdafiəçi Kristian Orosko ilə uzunmüddətli müqavilə imzaladığını rəsmən açıqlayıb.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

18 yaşlı futbolçu Cənubi Amerikada öz nəslinin ən istedadlı oyunçularından biri hesab olunur.

Kristian Orosko “Roho” futbol akademiyasının yetirməsidir. Yarımmüdafiəçi peşəkar karyerasına “Fortaleza” klubunda başlayıb və ötən mövsüm Kolumbiya çempionatının yüksək divizionunda əsas komandada 5 oyun keçirib.

Bundan başqa, gənc futbolçu Kolumbiyanın U-17 millisində də müntəzəm olaraq çıxış edib.

“Qırmızı şeytanlar” yeni transferi əsas komandaya tədricən cəlb etməyi planlaşdırır. Bildirilir ki, Oroskonun İngiltərədə ilk uyğunlaşma mərhələsində “Mançester Yunayted”in akademiyasında məşq etməsi və çıxış etməsi nəzərdə tutulub.

Klub futbolçunun Avropa futboluna mümkün qədər rahat uyğunlaşmasına kömək etmək üçün bütün lazımi şəraitin yaradılacağını və daha sonra onun əsas komandaya cəlb olunacağını vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: