“Araz” ziyanın yarısından döndü: Cavidlə Zaur istefaya göndərildi

Premyer Liqaya uğursuz başlamış “Araz-Naxçıvan” baş məşqçi Zaur İsmayılov və məşqçi Cavid Hüseynov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hər iki mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub onların hər ikisinə gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Cavid Hüseynov cari mövsümün əvvəlində “Araz-Naxçıvan”a baş məşqçi təyin edilmişdi. Lakin sonradan onun PRO kateqoriyalı məşqçi lisenziyası olmadığı üçün belə bir kateqoriyaya malik Zaur İsmayılov baş məşqçi postuna gətirilmişdi. Komandanı oyunlara Cavid Hüseynov hazırlasa da, mətbuat konfranslarına Zaur İsmayılov çıxırdı. Sanki Azərbaycanda PRO kateqoriyalı başqa işsiz mütəxəssis və ya Cavid qədər “uğurlu” məşqçi yox idi. Zaman göstərdi ki, Naxçıvan klubunun başbilənlərinin bu yöndəmsiz qərarı uğursuz idi.

Muxtar Respublika təmsilçisi Premyer Liqanın cari mövsümündə 6 oyun keçirib, cəmi 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Qələbəyə həsrət iki komandadan biri olan Naxçıvan klubu 2 xalla yarış cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: