Argentinalı hücumçu Lionel Messi Amerika Birləşmiş Ştatlarının (ABŞ) “İnter Mayami” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, MLS-in 27-ci turunda “İnter Mayami” bu gün doğma meydanda “San Dieqo” ilə heç-heçə edib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Messi bu oyunun 23-cü dəqiqəsində vurduğu qolla hesabı 1:1 edib. Messi cərimə zərbəsindən fərqlənib. Bununla da o, birbaşa cərimə zərbələrindən vurduğu qolların sayına görə futbol tarixində ikinci pilləyə yüksəlib.
Argentinalı hücumçu “San Dieqo” ilə oyunda cərimə zərbəsindən fərqlənərək bu göstəricidə 75-ci qoluna imza atıb. Beləliklə, o, 74 qolu olan braziliyalı Jairu geridə qoyub.
Bu kateqoriyada rekord 78 qolla Marselinyo Kariokaya məxsusdur.
39 yaşlı Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. O, Avropada PSJ və “Barselona”nın formasını geyinib. Kataloniya klubu ilə 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA Super Kubokunu və 3 dəfə klublararası dünya çempionatını qazanıb.
Lionel Messi Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2008-ci ildə Olimpiya Oyunlarının qalibi və ikiqat Amerika Kubokunun (2021, 2024) sahibidir. O, həmçinin 8 dəfə “Qızıl top” mükafatına layiq görülərək bu göstəricidə rekordçudur.
“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 26 oyundan sonra 46 xalla 3-cü pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 26 oyunda 12 qələbə qazanıb, 10 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.


