2026/2027-ci illər mövsümündə Azərbaycan Basketbol Liqasında (ABL) mübarizə aparacaq komandaalrın siyahısında dəyişiklik edilib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, Azərbaycan çempionatının və Azərbaycan Kubokunun keçirilməsi haqqında əsasnamənin 3.3 və 5.12-ci maddələrinə əsasən, klubların qeydiyyat tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan qiymətləndirmənin nəticəsində ABL-in idarə heyəti tərəfindən müvafiq qərar qəbul edilib.
Qərara əsasən, 2026/2027-ci illər mövsümündə “Sumqayıt” ABL-də, “Şəki” isə ABL 2-də iştirak edəcək.
Beləliklə, 2026/2027-ci illər mövsümündə Azərbaycan Basketbol Liqasında “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD və “Sumqayıt” komandaları mübarizə aparacaqlar.
NTD yeni mövsümə yeni strategiya ilə başlayır
Yeri gəlmişkən, NTD basketbol klubu yeni mövsüm ərəfəsində strategiyasını dəyişərək əsas diqqəti gənc azərbaycanlı oyunçuların inkişafına yönəltməyə qərar verib. Bu barədə sözügedən klubdan məlumat verilib.
Komandanın heyətinin əsasını Azərbaycanın U-20 millisinin basketbolçuları təşkil edəcək. Yeni strategiyanın əsas məqsədi gənc oyunçulara böyüklər arasında daha çox oyun təcrübəsi qazandırmaq və onların peşəkar inkişafı üçün şərait yaratmaqdır.
Gənc basketbolçularla yanaşı, NTD-nin heyətində bir neçə legioner də çıxış edəcək. Məşqçilər korpusunda da təyinat olub. Anar Sarıyev komandaya qoşulub.
NTD-nin baş məşqçisi Tahir Baxşıyev yeni strategiyanın səbəblərindən danışıb:
“Bu mövsüm strategiyamızı dəyişmək və komandanın əsasını Azərbaycanın U-20 millisinin üzvlərindən formalaşdırmaq qərarına gəldik. U-20 millimiz son Avropa çempionatının B Divizionunda uğurlu çıxış edərək 11-ci yeri tutdu. Bu basketbolçuların böyük potensiala malik olduğunu düşünürük və inanırıq ki, gələn il milli daha yaxşı nəticə göstərə bilər. Bunun üçün isə gənc oyunçuların daha çox meydancaya çıxması və davamlı oyun təcrübəsi qazanması vacibdir. Məhz buna görə federasiya ilə məsləhətləşdikdən sonra U-20 millisinin basketbolçularına klub səviyyəsində müntəzəm oynamaq imkanı yaratmaq qərarına gəldik. Onlarla yanaşı, heyətdə bir neçə legioner də çıxış edəcək”.
Tahir Baxşıyev qarşıdakı mövsümün onlar üçün asan olmayacağını söyləyib:
“Amma bu, gənc basketbolçular üçün çox vacib təcrübə olacaq. Onlar mövsüm ərzində oyunlarını müxtəlif komponentlərdə inkişaf etdirə və daha da artıra bilərlər. Düşünürəm ki, bu mövsüm onların gələcək peşəkar karyerasında mühüm rol oynayacaq. Məşqçilər korpusumuzu da gücləndirmişik. Anar Sarıyev komandamıza qoşulub”.


