“Yuventus”un fransalı hücumçusu Randal Kolo-Muani “Atalanta” ilə İtaliya çempionatı matçında aldığı zədədən sonra əməliyyat keçirib.
Arena.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
“Yuventus” ötən bazar günü A Seriyasının 5-ci turunda “Atalanta”nı 2:0 hesabı ilə məğlub edib. 27 yaşlı hücumçu həmin görüşdə 89 dəqiqə meydanda olub. Daha sonra tibbi müayinələr zamanı onun əl barmağından zədə aldığı və cərrahi müdaxiləyə ehtiyac olduğu müəyyənləşib.
Xoşbəxtlikdən, zədənin ciddi olmadığı bildirilir. Randal Kolo-Muani əməliyyatdan dərhal sonra komanda ilə birlikdə tam məşqlərə qayıda biləcək.
A Seriyasında 5 turdan sonra Lusiano Spallettinin rəhbərlik etdiyi “Yuventus” 10 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Turin təmsilçisi növbəti rəsmi oyununu oktyabrın 11-də keçirəcək. “Yuventus” 6-cı tur çərçivəsində səfərdə “Kalyari” ilə qarşılaşacaq.


