“Barselona” baş məşqçisi Hans Flikin rəhbərliyi altında vurulmuş qolların sayına görə klub tarixinin ən yaxşı mövsüm startına imza atıb.
Arena.az bu barədə İspaniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Kataloniya klubu 2026/2027-ci illər mövsümünün ilk 8 rəsmi matçının hamısında qələbə qazanaraq rəqib qapılarına 36 qol vurub.
Bu, “Barsa”nın son 90 ildə, yəni 1935/1936-cı illər mövsümündən bəri ilk 8 qarşılaşmada ən yüksək məhsuldarlıq göstəricisidir. Komanda İspaniya çempionatının ilk 7 turunda 31 dəfə fərqlənib. Bu, klub tarixində analoji dövr üçün rekorddur. Ölkə çempionatları tarixində bundan daha yaxşı göstəriciyə yalnız 1940/1941-ci illər mövsümünün ilk 7 matçında 40 qol vurmuş “Sevilya” sahibdir.
Almaniyalı mütəxəssisin baş məşqçi postuna gəlişindən (2024/2025-ci illər mövsümü) bəri “Barselona” keçirdiyi 125 rəsmi matçda 354 qol vurub. Bu da orta hesabla hər oyuna 2,83 qol deməkdir. Flik bu göstərici ilə klub tarixində 125 və ya daha çox oyuna çıxmış mütəxəssislər arasında dördüncü pillədə qərarlaşıb. Onu yalnız Helenio Errera (2,89), Luis Enrike (2,87) və Ferdinand Dauçik (2,86) qabaqlayırlar. Flik bu göstəricidə Xosep Qvardiola (2,43) və Ernesto Valverdeni (2,32) üstələyib.
Kataloniya təmsilçisi almaniyalı mütəxəssisin rəhbərliyi altında 22 matçda rəqib qapısına 5 və ya daha çox qol vurmağı bacarıb. Sonuncu belə hal La Liqanın 6-cı turunda “Rasinq”lə oyunda (7:2) qeydə alınıb.
“Barselona” Flikin rəhbərliyi altında ölkə çempionatında ardıcıl 55, bütün turnirlərdə isə ardıcıl 53 matçda fərqlənib. 2024-cü ilin dekabrından 2025-ci ilin noyabrınadək gerçəkləşmiş 53 matçlıq qol seriyası klub tarixinin rekordudur.
Sonda onu da xatırladaq ki, “Barsa” Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biridir.


