“Sabah”ın keçmiş sol cinah müdafiəçisi, Bosniya və Herseqovinadan olan Boyan Letiç bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.
Xəbərdə vurğulanır ki, 33 yaşlı futbolçu 2026/2027-ci illər mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək. Onunla 1 illik müqavilə imzalanıb.
Sol cinah müdafiəçisinin sonuncu klubu “Sabah” olub. O, bu ilin əvvəlində Azərbaycan klubundan azad agent kimi ayrılmışdı. Letiç 2022-ci ilin fevral ayından “Sabah”ın formasını geyinirdi. O, bu komandanın heyətində ümumilikdə 125 oyun keçirib. Müdafiəçi “Sabah”ın tarixində önəmli rol oynamış futbolçulardandır. 33 yaşlı müdafiəçi komandanın tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifidir. Letiç “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub. Futbolçu “Sabah”ın heyətində keçirdiyi 125 oyunda 7 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub.
Letiç karyerası ərzində “Jilina”, “Veles Mostar”, “Mirandes”, “Sarayevo”, “Kozara Qradiska”, “Radniçki Nis”, “Karvina” kimi klublarda da çıxış edib. O, 2013-cü ilin avqust ayında debüt etdiyi Bosniya və Herseqovina yığmasında 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Araz-Naxçıvan” daha öncə Luka Dumançiç, Rəşad Həsənov, Alberto Fernandes, Alexandro Herrera, Rövlan Muradov, Artur Auqusto Da Silva, Məhəmməd Mara, Abdallah Sudi, Mamadu Kane, Ceyhun Nuriyevi, Ağadadaş Salyanskini də heyətinə qatıb.
Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev, İssuf Paro, Mustafa Əhmədzadə və Bruno Franko ilə yeni müqavilə imzalanıb.
Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala, Ürfan Abbasov və Slavik Alxasov isə komandanı tərk ediblər.


