Fərid Namazov və Cavid Hüseynovdan heç-heçəyə şərh

“İmişli”nin baş məşqçisi Fərid Namazov Premyer Liqanın 1-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin bu gün Qəbələdə baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Fərid Namazov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çempionatın ilk oyunu həmişə ağır keçir. Bərabər oyun getdi. Hər iki komandanın qol epizodları oldu. Taktiki planda istədiyimiz kimi oynamağa çalışdıq. Həm hücumda, həm də müdafiədə istədiklərimizi yerinə yetirdik. Püşk atılandan sonra rəqibi təhlil edirdik. Planımız rəqibin qarşısını almaq yox, öz oyunumuzu inkişaf etdirmək idi. Biz də qələbə qazana bilərdik, rəqib də.

Yaxşı qol epizodlarımız var idi. Əsasən də standart vəziyyətlərdən. Bunun üzərində çox çalışırıq. Qələbənin tam olaraq bizim haqqımız olduğunu demək ədalətsizlik olar. “Araz-Naxçıvan”ın da qol epizodları var idi.

3-4 turdan sonra komandaların hansı mövqelər uğrunda mübarizə aparacağı bilinəcək. Rəqiblərlə bağlı şifahi məlumatımız var. Təzyiq olmalıdır. Tənqidlərə açığıq. Tənqid olmasa, mən də inkişaf edə bilmərəm. İnsan həmişə təzyiq altında olmalıdır ki, yaxşı yerlərə gəlib çıxa bilsin. Yaş məsələsinə fikir vermirəm. Bu səviyyəyə gəlib çıxanda yaş amili kənarda qalır, digər məşqçilərlə mübarizəyə qoşulursan. Həm özümü, həm də komandanı inkişaf etdirməyə fokuslanmışam”.

“Araz-Naxçıvan”ın məşqçisi Cavid Hüseynov isə heç-heçəyə belə şərh verib:

“Yeni mövsümün başlanması münasibəti ilə futbol ictimaiyyətini təbrik edirəm. Oyunun çətin keçəcəyini bilirdik. Çünki bizim hazırlıq müddəti 6 yox, 5 həftə alınmışdı. Ümumilikdə futbolçularımın mübarizə əzmindən razı qaldım. Potensialımız daha çoxdur, məşq prosesində bunu inkişaf etdirib qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.

Qarşıda bizi çətin oyunlar gözləyir. Ümumiyyətlə çempionatımız maraqlı keçəcək.

Rəhbərliyin dəstəyini hiss edirik. İstədiyimiz futbolçuların transferi üçün hər cür şərait yaratdılar. Buna görə də təşəkkür edirik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: