“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 1-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların Sumqayıtda baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yuri Vernidub oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Azərbaycan Premyer Liqasında yeni mövsümün başlaması münasibətilə sizi təbrik edirəm. Səfərdə oynayırdıq. “Sumqayıt” ötən mövsüm heç də pis təsir bağışlamamışdı. Yayda komandada çoxlu dəyişikliklər olub, bir çox futbolçu gedib, yeniləri gəlib. Bu səbəbdən onların bu yay necə oynadıqları barədə çox məlumatımız yox idi. “Şamaxı” ilə keçirdikləri yoxlama oyunundan xəbərdar idik. Həmin matçda 4 müdafiəçi ilə oynamışdılar, bu dəfə isə 5 müdafiəçi ilə meydana çıxdılar. Bunu oyundan əvvəl öyrəndik. Əsas məsələ bizim futbolçularımızın nə üçün oynadığımızı bilməsidir. Oyunumuz alındı. Daha çox qol vura bilərdik. Sadəcə, yaratdığımız imkanlardan istifadə edə bilmədik. Bir qol da buraxdıq və belə qol buraxmamalı idik. Ümumilikdə oyundan, futbolçuların çıxışından və nəticədən razıyam. Ən önəmlisi isə mövsümə qələbə ilə başlamağımızdır”.
Yuri Vernidub Moldovanın “Şerif” klubundan təklif aldığı barədə xəbərləri təkzib edib:
“Bunu ilk dəfə eşidirəm. Mənim “Neftçi” ilə müqaviləm var və burada hər şeydən razıyam. Tez-tez komanda dəyişən məşqçi deyiləm. Müqaviləmə uyğun olaraq işimi davam etdirirəm. Hətta böyük məbləğdə pul təklif olunsa belə, getmərəm. Mən pulun arxasınca qaçan insan deyiləm. Mənim üçün işim və müqaviləm önəmlidir. Hazırkı qazancım da məni qane edir. Ailəm, qardaşım, bacım, nəvələrim var, gəlirim hamımız üçün kifayətdir. Böyük pul təklif olunsa belə, sırf buna görə komandamı dəyişmərəm”.
Filipe Kandido: “Qoldan sonra özünəinamı itirdik”
“Sumqayıt”ın portuqaliyalı baş məşqçisi Filipe Kandido isə debüt matçındakı məğlubiyyətə belə aydınlıq gətirib:
“Əvvəlcə “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Rəqib yaxşı oyun göstərib qələbə qazananda onları təbrik etməyi hər zaman özümə borc bilirəm.
Futbolçularıma da belə ağır oyunda göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. Künc zərbəsindən vurulan ilk qola qədər, demək olar ki, “Neftçi” təhlükəli vəziyyət yarada bilmirdi. Həmin qoldan sonra rəqib sanki özünəinam qazandı, biz isə əksinə, bunu itirdik.
İkinci hissəyə dəyişikliklərlə başladıq və oyunda geri dönüş etməyə çalışdıq. Bəlkə də komandalar meydanda bərabər sayda futbolçu ilə mübarizə aparsaydılar, buna nail ola bilərdik”.


