Aleksey Batrakov rəsmən “Qalatasaray”da!

Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Batrakov Moskva “Lokomotiv”indən Türkiyənin “Qalatasaray” klubuna transfer olunub.

Arena.az xəbər verir ki, 21 yaşlı futbolçunun keçidi İstanbul təmsilçisi tərəfindən rəsmən açıqlanıb.

Transferin 25 milyon avroya başa gəldiyi bildirilir. Bu məbləğ “Lokomotiv” tarixində futbolçunun satışı üzrə rekord göstəricidir. Batrakov “Qalatasaray”da mövsümə 3,25 milyon avro qazanacaq və onun müqaviləsi 2031-ci ilə qədər nəzərdə tutulub.

Futbolçu transferdən əvvəl “Lokomotiv”in Rusiya Kubokunda “Rostov”a qarşı keçirdiyi oyunda iştirak etməyib. Baş məşqçi Mixail Qalaktionov bunu Batrakovun başqa kluba keçidi ilə bağlı danışıqların aparılması ilə əlaqələndirib. Daha sonra yarımmüdafiəçi “Lokomotiv” azarkeşlərinin sektoruna yaxınlaşaraq “Qalatasaray”a keçəcəyini açıqlayıb.

Aleksey Batrakov “Lokomotiv”in yetirməsidir və əsas komandada 2024-cü ildən çıxış edirdi. Onun aktivində müxtəlif turnirlərdə 84 oyun, 34 qol və 23 məhsuldar ötürmə var. O, son iki mövsümdə Rusiya Premyer Liqasının ən yaxşı gənc futbolçusu seçilib.

Rusiya millisində debütünü 2024-cü ilin noyabrında Bruneyə qarşı oyunda edən Batrakov yığmada 12 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qalatasaray” Türkiyənin son çempionu və ölkənin ən titullu klubudur. İstanbul təmsilçisi yeni mövsümdə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq. Batrakov isə karyerasında ilk dəfə bu turnirdə çıxış etmək imkanı qazanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: