Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının (AÇ-2026) 1/8 final mərhələsindəki rəqibi bəlli olub.
Arena.az xəbər verir ki, oyunları Bakıda təşkil olunmuş C qrupunu 8 xalla 3-cü pillədə başa vuran Faiq Qarayevin baş məşqçisi olduğu Azərbaycan yığması pley-off mərhələsində Türkiyə millisi ilə qarşılaşacaq.
“Ay-ulduzlular” bu gün Polşa yığmasına 2:3 hesabı ilə uduzaraq A qrupunu ikinci sırada tamamlayıblar.
Avropa çempionatının 1/8 final mərhələsinin oyunları avqustun 31-də və sentyabrın 1-də İstanbulda təşkil ediləcək.
Qeyd edək ki, AÇ-2026-nın C qrupunun oyunları Azərbaycanda keçirilib. Bakıdakı oyunlar Milli Gimnastika Arenasında təşkil olunub. Yığmamız qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparıb. Azərbaycan millisi turnirdəki ilk görüşündə Portuqaliya yığmasına 3:1, ikinci turda İspaniyaya 3:0, üçüncü turda Rumıniyaya 3:2 hesabıyla qalib gəlib. Komandamız Belçikaya 0:3, Niderlanda 1:3 hesabıyla məğlub olub.


