İngiltərənin “Arsenal” klubunun hücumameyilli yarımmüdafiəçisi Fabio Vieyra bundan sonra “Hamburq”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Ötən mövsüm Almaniya komandasında icarə əsasında çıxış etmiş 26 yaşlı portuqaliyalı futbolçu ilə tamhüquqlu müqavilə imzalanıb. “Hamburq” bu keçid üçün “Arsenal”a 9 milyon avro ödəyib. Vieyra Almaniya klubu ilə 4 illik sözləşməyə imza atıb.
Yarımmüdafiəçi son iki mövsümü icarədə keçirib. O, 2024/2025-ci illər mövsümündə yetirməsi olduğu Portuqaliyanın “Portu”, ötən mövsüm isə “Hamburq” klubunda forma geyinib. Futbolçu Almaniya təmsilçisinin heyətində keçirdiyi 31 matçda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 2022-ci ilin iyununda “Portu”dan 35 milyon avro qarşılığında “Arsenal”a transfer olunan Fabio Vieyra bu komandanın heyətində bütün turnirlərdə 49 matça çıxıb, 3 qol və 10 assistlə yadda qalıb. O, 2023-cü ildə London təmsilçisi ilə İngiltərə Super Kubokunun qalibi olub.
Vieyra Portuqaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Xatırladaq ki, “Arsenal” UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqiblərindən biridir. “Bayquşlar” bu komanda ilə gələn il yanvarın 27-də Londonda üz-üzə gələcəklər.


