Mahir Emreli üçün “Rakuv”da yeni baş məşqçi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubu baş məşqçi postuna yeni təyinatı açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bundan sonra komandaya David Şulçek rəhbərlik edəcək. O, daha əvvəl bu komandada köməkçi məşqçi vəzifəsində çalışırdı.

Şulçek bu postda ötən gün istefaya göndərilmiş David Kroçeki əvəzləyib. May ayından bu komandanı çalışdırmağa başlamış 37 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbindən ötən gün vəzifəsindən istefa verib. Buna “Rakuv”un Polşa çempionatının yeni mövsümünə uğursuz start verməsi səbəb olub. Belə ki, Mahirin komandası yerli çempionata keçirdiyi yeni mövsümün ilk 4 oyununun hamısından məğlubiyyətlə ayrılıb.

Kroçekin dövründə “Rakuv” bütövlükdə 14 oyuna çıxıb. Komanda bu görüşlərin 6-da qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə məğlub olub. Komanda onun rəhbərliyi altında Avropa Konfrans Liqasının 4-cü təsnifat mərhələsinə qədər irəliləyib.

Xatırladaq ki, “Rakuv” Mahiri bu yay Almaniyanın “Kayzerslautern” klubundan satınalma şərti ilə bir mövsümlük icarəyə götürüb. Emreli Polşa klubunun heyətində 10 oyuna çıxıb, 5 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu ötən mövsüm bu komandanın heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir daha öncə Almaniyanın digər klubu “Nürnberq”də də forma geyinib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

Emreli üçün Polşa çempionatı da tanış liqadır. Belə ki, o, vaxtilə bu ölkənin “Legiya” (Varşava) komandasında çıxış edib, burada 33 oyuna 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 61 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: