Bril Embolo COVID-19 peyvəndi haqqında saxta arayış hazırladığını etiraf etdikdən sonra İsveçrə millisindən kənarlaşdırılıb.
Arena.az xəbər verir ki, bu barədə İsveçrə Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
“Embolo şəxsi həyatında baş verən və ictimaiyyətə məlum olan vəziyyət barədə İsveçrə Futbol İttifaqını məlumatlandırıb. Nəticədə ittifaq rəhbərliyi futbolçunun planlaşdırıldığı kimi komandaya qoşulmaması və milli komandanın hazırkı təlim-məşq toplanışını onun iştirakı olmadan keçirməsi barədə qərar qəbul edib”, – deyə qurumun açıqlamasında bildirilib.
Qeyd edək ki, daha əvvəl eyni səbəbdən İsveçrə millisinin digər futbolçusu, İngiltərənin “Sanderlend” klubunun yarımmüdafiəçisi Qranit Caka da komandadan kənarlaşdırılıb.
İsveçrə millisi növbəti oyununu sentyabrın 26-da UEFA Millətlər Liqasında Şimali Makedoniyaya qarşı səfərdə keçirəcək.
29 yaşlı Bril Embolo İsveçrə millisinin heyətində müxtəlif turnirlərdə 92 oyun keçirib, 26 qol vurub və 20 məhsuldar ötürmə edib. O, avqust ayından ABŞ klubu “Atlanta”da çıxış edir. Hücumçu MLS klubunun heyətində 4 oyunda 1 qol vurub.
Embolo daha əvvəl Fransanın “Renn” və “Monako”, Almaniyanın “Borussiya” (Mönxenqladbax) və “Şalke”, həmçinin İsveçrənin “Bazel” klublarında çıxış edib.


