“Mançester Yunayted”in kapitanı Bruno Fernandes Portuqaliya millisinin UEFA Millətlər Liqasında Norveçə qarşı keçirəcəyi oyunda iştirak etməyəcək.
Arena.az xəbər verir ki, Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus mətbuat konfransında yarımmüdafiəçinin səhhəti ilə bağlı problem yaşadığını açıqlayıb:
“Onun müalicəyə və bərpa üçün vaxta ehtiyacı var. Son üç oyunda ağrılarla oynayıb”, – deyə baş məşqçi bildirib.
Bruno Fernandes 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, İngiltərə klubuna 2020-ci ilin yanvar ayında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən tamhüquqlu əsasda keçib. Fernandesin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Fernandes cari mövsümdə “qırmzı şeytanlar”ın heyətində 7 oyun keçirib, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 334 oyun, 111 qol və 109 məhsuldar ötürmədən ibarətdir.
Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 95 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 29 qol vurub, 27 məhsuldar ötürmə verib.
Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır. O, İngiltərə klubunun heyətində 2023-cü ildə Liqa Kubokunu, 2024-cü ildə isə İngiltərə Kubokunu qazanıb. Ötən mövsüm Fernandes İngiltərə çempionatının ən yaxşı futbolçusu seçilib.
“Transfermarkt” internet-portalı 32 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


