İngiltərə Premyer Liqasının klubları maliyyə qaydalarının pozulması ilə bağlı iş çərçivəsində “Mançester Siti”yə qarşı iddia qaldırmağa hazırlaşırlar.
Arena.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Xəbərdə vurğulanır li, elita təmsilçiləri ümumi məbləği təxminən 800 milyon funt sterlinq təşkil edən məhkəmə iddiaları qaldırmağa hazırlaşırlar.
Britaniya mediasının cümə günü yaydığı məlumata görə, “Mançester Siti” Premyer Liqa tərəfindən irəli sürülmüş 115 ittihamdan 114-ü üzrə təqsirli bilinib.
Nəşrin yazdığına görə, bu qərar digər klubların da Mançester təmsilçisinə qarşı məhkəmə iddiaları dalğasına səbəb ola bilər. Məhkəmə proseslərinin ümumi müddətinin isə təxminən iki il çəkə biləcəyi bildirilir.
Xatırladaq ki, “Siti” 2009/2010-2017/2018 mövsümləri arasında yol verdiyi iddia olunan 100-dən çox maliyyə pozuntusuna görə 2024-cü ilin fevralında ittiham olunub.
Klubun üzləşə biləcəyi mümkün sanksiyalar arasında xal silinməsi, Premyer Liqadan xaric edilmə və qazanılmış titulların ləğvi kimi cəzalar da göstərilir. Bununla belə, konkret sanksiyalar hələ təsdiqlənməyib.


