Tuxel: “İspaniya ilə matçda hər şey bizim əleyhimizə getdi”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel UEFA Millətlər Liqasının ilk turunda İspaniyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda baş tutmuş qarşılaşmada İngiltərə 2:3 hesabı ilə məğlub olub.

İspaniyanın qollarını Lamin Yamal, Aleks Baena və Mikel Oyarsabal vurublar. İngiltərə millisinin heyətində isə Entoni Qordon və Harri Keyn fərqlənib. Keyn ikinci hissənin əvvəlində penaltidən yararlana bilməyib.

Tuxel komandasının matça uğursuz başladığını, lakin sonradan oyunun gedişini dəyişə bildiyini bildirib.

“Matça dəhşətli başladıq, bundan pis başlanğıc təsəvvür etmək çətindir. Belə rəqibə qarşı oyunda hesabda geri düşmək çox ağırdır. Amma komanda buna əla reaksiya verdi. Ciddi səhvlərə yol verməyimizə və rəqibə təhlükəli epizodlar yaratmaq imkanı verməyimizə baxmayaraq, ümumilikdə daha yaxşı oynayır və təşəbbüsə sahib olurduq.

İki qol vurduq və fasilədən sonra 15 dəqiqə ərzində möhtəşəm oyun nümayiş etdirdik. Lakin penaltini qola çevirə bilmədik. Əgər bunu bacarsaydıq, bəlkə də İspaniya öz uzunmüddətli məğlubiyyətsiz seriyasının başa çatacağına inanmağa başlayardı.

İkinci qolu buraxarkən çox kobud səhvə yol verdik. Əslində, onların yalnız üçüncü qolu özlərinin yaratdığı epizodun nəticəsi idi, digər qollar isə bizim ciddi fərdi səhvlərimizdən sonra gəldi. Belə hallardan dərs çıxarmalı və yolumuza davam etməliyik. Oyunumuzda yaxşı olan məqamları özümüzlə götürməli və Çexiya ilə matçda xal qazanmağa çalışmalıyıq.

Belə komandalara qarşı oyunlarda müəyyən anlarda müdafiə olunaraq səbir göstərmək qaçılmazdır. Amma burada detallar çox önəmlidir. Şanslardan istifadə etmək və səhvləri minimuma endirmək lazımdır. İspaniya ilə matçda hər şey bizim əleyhimizə getdi, amma komanda əlindən gələni etdi və oyunun ayrı-ayrı hissələrində çox yaxşı çıxış etdik”, – deyə Tuxel UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: