FIFA üzvü olan milli assosiasiyalara vəsait ayrıla bilər

FIFA prezidenti Canni İnfantino milli assosiasiyalara əlavə maliyyə vəsaitlərinin ayrılması imkanının qiymətləndirilməsini tapşırıb.

Arena.az xəbər verir ki, bu barədə “Reuters” İnfantinonun FIFA-nın altı qitə konfederasiyasının prezidentlərinə göndərdiyi məktuba istinadən məlumat yayıb.

UEFA və CONCACAF FIFA-nın 211 üzv assosiasiyasının hər birinə 2027–2030-cu illər dövründə ən azı 10 milyon ABŞ dolları ayrılmasını təklif edib. Bu, ümumilikdə təxminən 2,1 milyard dollar vəsait deməkdir. Təklifin FIFA-nın mövcud ehtiyatlarından birdəfəlik ödəniş şəklində həyata keçirilməsi nəzərdə tutulur.

İnfantinonun məktubunda bildirilib ki, əlavə maliyyələşdirmə ilə bağlı təkliflər oktyabrın 15-də FIFA Şurasının iclasında müzakirəyə çıxarılacaq. Lakin bunun üçün əvvəlcə maliyyə qiymətləndirməsi aparılmalı və rəsmi təsdiqlər alınmalıdır. Buna görə hazırda heç bir konkret məbləğ təsdiqlənmiş öhdəlik hesab edilə bilməz.

Qurumun 2023–2026-cı illər üçün “FIFA Forward” proqramı çərçivəsində hər üzv assosiasiyaya 8 milyon dollar ayrılması nəzərdə tutulub. Yeni təklif isə bu vəsaitdən əlavə maliyyələşdirməni nəzərdə tutur.

Xatırladaq ki, İnfantino daha əvvəl FIFA-nın kommersiya hüquqlarını və əsas turnirlərini idarə edəcək “FIFA Forward Enterprise” adlı strukturun yaradılmasını təklif etmişdi. Layihəyə əsasən, üzv assosiasiyalara ayrılan vəsaitin artırılması planlaşdırılırdı. Lakin təşəbbüs ali qurumun daxilində və futbol qurumları arasında ciddi etirazlarla qarşılaşdıqdan sonra geri götürülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: