Metin Diyadin istefa verdi, rəhbərlik qəbul etmədi

Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən “Gənclərbirliyi” klubunda baş məşqçi Metin Diyadin ilə bağlı qərar verilib.

Arena.az xəbər verir ki, 58 yaşlı mütəxəssis istefa vermək istəyib. Lakin klub rəhbərliyi onun müraciətini qəbul etməyib.

Ankara təmsilçisinin yaydığı açıqlamada bildirilib:

“Baş məşqçimiz Metin Diyadin vəzifəsindən istefa vermək istəyini rəhbərliyə çatdırıb. Sözügedən müraciət idarə heyətinin toplantısında müzakirə olunub. Aparılan qiymətləndirmədən sonra məşqçimizin istefa tələbi qəbul edilməyib.

İdarə heyətimiz Metin Diyadinlə yola davam etmək qərarına gəlib”.

“Gənclərbirliyi” cari mövsümdə keçirdiyi 6 oyunda 2 qələbə, 1 heç-heçə və 3 məğlubiyyətlə 7 xal toplayıb. Ankara təmsilçisi turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən mövsüm komandadan ayrılan, daha sonra yenidən baş məşqçi postuna qayıdan Diyadin son fəaliyyət dönəmində “Gənclərbirliyi”nin 9 oyununa rəhbərlik edib. Bu görüşlərdə komanda 4 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət əldə edib. Mütəxəssisin bu dönəmdə xal ortalaması 1,44 olub.

“Gənclərbirliyi” milli komandaların oyunları ilə bağlı fasilədən sonra oktyabrın 10-da lider “Amedspor”u qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: