AFFA “Şəki”, “Şirvan” və “Ağdaş”ı 250 manat cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 6-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Qaradağ Lökbatan” – “Zəngəzur” oyununun fasiləsində “Qaradağ Lökbatan”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Qaradağ komandası 300 manat cərimə edilib. Oyunun 90-cı dəqiqəsində “Zəngəzur”un futbolçusu Tural Qurbatov ikinci sarıdan qırmızı aldığı üçün 1 oyunluq cəza alıb. “Zəngəzur” buna görə 50 manat cərimə ödəyəcək.

“Şəki” – “Şəmkir” oyununda “Şəki”nin həkimi olmadığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə sözügedən klub 200 manat cərimə edilib. “Şəmkir”in həkimi olmadığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə sözügedən klub da 250 manat cərimə edilib.

“Hypers” – “Marafon” oyununda “Hypers”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Bu oyunda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Hypers” 100 manat cərimə edilib. “Marafon”un 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.

“Ağdaş” – “Dinamo” oyunu Təcili Tibbi yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Ağdaş” 200 manat cərimə edilib. Bu oyunda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Ağdaş” 250 manat cərimə edilib.

“Şirvan” – “Difai” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şirvan” 250 manat cərimə edilib. Oyunun 77-ci dəqiqəsində “Difai”nin futbolçusu Ayxan Qaracayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Difai” buna görə 50 manat cərimə edilib.

AFFA İntizam Komitəsinin bu gün qəbul etdiyi digər bir qərara görə, “Şahdağ Qusar”ın idman direktoru Məhəmməd Bədəlbəyli futbolla bağlı sənədlərdə səhlənkarlığa yol verdiyinə görə ona töhmət verilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: