Son illərdə uğura həsrət qalmış futbol üzrə Azərbaycan millisi FIFA-nın bu gün açıqladığı dünya reytinqində daha bir pillə geriləyib.
Arena.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma 1138,96 xalla 127-ci pillədə qərarlaşıb. Komanda əvvəlki reytinqdə 126-cı sırada yer alırdı.
Azərbaycan millisinin son dörd oyununda məğlubiyyət qeydə alınmayıb. Yığmamız bu görüşlərin ikisində qələbə qazanıb, iki dəfə isə heç-heçə edib.
Millimiz yoldaşlıq görüşündə Tacikistanı 1:0 hesabı ilə məğlub edib. UEFA Millətlər Liqasında isə səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib, ardınca Bakıda Lixtenşteynlə qolsuz heç-heçəyə razılaşıb. Azərbaycan millisi son oyununda isə Litva üzərində 1:0 hesablı qələbə qazanıb.
Azərbaycan Avropa komandaları arasında isə 46-cı sıradadır.
FIFA-nın hesablanma sisteminə əsasən, reytinq xalları komandaların nəticələri ilə yanaşı, rəqibin gücü və matçın əhəmiyyətindən də asılıdır.
Azərbaycanın reytinqdəki ən yüksək göstəricisi 73-cü pillədir. Yığmamız 2014-cü ildə bu nəticəyə çatıb.
FIFA reytinqinin ilk pilləsində İspaniya qərarlaşıb. Dünya çempionu 2011,57 xalla liderliyini möhkəmləndirib. Argentina 1972,80 xalla ikinci, Fransa isə 1958,86 xalla üçüncüdür.
Hazırda FIFA reytinqində ilk 10-luq belədir:
- İspaniya — 2011,57 xal
- Argentina — 1972,80
- Fransa — 1958,86
- İngiltərə — 1925,59
- Portuqaliya — 1807,69
- Braziliya — 1806,51
- Mərakeş — 1805,34
- Belçika — 1779,17
- Niderland — 1778,61
- Meksika — 1738,48


