Yan Dyomande Cud Bellingemin rekordunu yenilədi

Futbol üzrə Kot-d’İvuar millisinin və Madrid “Real”ının vingeri Yan Dyomande İspaniya La Liqasında diqqətçəkən rekorda imza atıb.

Arena.az xəbər verir ki, Madrid təmsilçisi çempionatın 9-cu turunda doğma meydanda “Sevilya”nı 4:1 hesabı ilə məğlub edib.

Dyomande bu qarşılaşmada həm qol vurub, həm də məhsuldar ötürmə ilə yadda qalıb. 19 yaş 338 günlük futbolçu XXI əsrdə La Liqada “Real”ın heyətində 20 yaşına çatmamış bir oyunda həm qol vuran, həm də qol ötürməsi edən ilk oyunçu olub.

Beləliklə, Dyomande bu göstəricidə Cud Bellingemin rekordunu geridə qoyub. İngiltərəli yarımmüdafiəçi buna 20 yaş 51 günlük olarkən nail olmuşdu.

Yan Dyomande “Real”a 2026-cı ilin yayında Almaniyanın “Leypsiq” klubundan 125 milyon avroya keçib. 19 yaşlı futbolçunun İspaniya nəhəngi ilə 2033-cü ilin yayınadək nəzərdə tutulmuş müqaviləsi mövcuddur. O, “Real”ın heyətində 11 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

Yan Dyomande peşəkar karyerasına İspaniyanın “Leqanes” klubunda başlayıb. “Leypsiq” onu 2025-ci ilin yayında 20 milyon avro məbləğ müqabilində məhz İspaniya klubundan transfer edib.

Kot-d’İvuarın U-17 və U-23 yığmalarında da oynamış Dyomande 2025-ci ildə debüt etdiyi əsas millinin heyətində 17 oyun keçirib, 3 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 19 yaşlı vingerin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: