“Latsio” A Seriyasında klub rekordunu yenilədi

“Latsio” futbol üzrə İtaliya A Seriyasının 7-ci turunda səfərdə “Yuventus”u 3:0 hesabı ilə məğlub edərək mövsümə tarixi start verib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın ilk 7 turunda 6 qələbə qazanıb, 1 heç-heçə edib və 19 xal toplayıb.

Bu, klub tarixində mövsümün ilk 7 turu üçün ən yaxşı nəticədir. Sözügedən komanda bu göstərici ilə turnir cədvəlinə başçılıq edən “İnter”lə eyni xala malikdir.

Komandanın baş məşqçisi Cennaro Qattuzo isə “Yuventus” üzərində qələbədən sonra məşqçilik yanaşmasının necə dəyişdiyindən danışıb:

“Bir neçə il əvvəl artıq məşqçilik etmək istəmirdim. Futbolçuların bəzi davranışlarına görə daim narahat olmaq məni tükəndirirdi. Ancaq sonradan müəyyən yol keçdim və öz üzərimdə işlədim. İndi daha az əsəbiləşirəm.

Hesabda önə keçdikdən sonra oyunun gedişinə nəzarət etmək üçün komandamıza hələ yetkinlik çatmır. Buna görə də, məsələn, rəqibi yüksək pressinqlə qarşılamağa davam edirik”, – deyə Qattuzo bildirib.

Qeyd edək ki, “Latsio” növbəti oyununu oktyabrın 24-də doğma meydanda “Parma”ya qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: