Niderland millisinin, “Ayaks”ın və “Bavariya”nın sabiq baş məşqçisi Lui van Qal UEFA Çempionlar Liqasının yeni formatını kəskin tənqid edib.
Arena.az xəbər verir ki, 75 yaşlı mütəxəssis turnirin yenilənmiş formatının futbolun keyfiyyətinə mənfi təsir göstərdiyini bildirib.
O, UEFA-nı maliyyə maraqlarını futbolçuların sağlamlığından üstün tutmaqda ittiham edib:
“UEFA-nın turnir üçün müəyyənləşdirdiyi format cəfəngiyyatdır. İndi bu yarışda demək olar ki, hər kəs iştirak edə bilər. UEFA yalnız necə daha çox pul qazanmaq barədə düşünür. Bu, korrupsiyaya uğramış dünyadır”, – deyə van Qalın sözlərini “Goal” nəşri sitat gətirib.
Niderlandlı məşqçinin fikrincə, turnirin genişləndirilməsi və oyun təqviminin həddindən artıq sıx olması futbolun keyfiyyətini aşağı salır, eyni zamanda aparıcı futbolçuların zədələnmə riskini artırır.
“Axı bu turnir Çempionlar Liqası adlanır, elə deyilmi? Burada ən yaxşı komandalar oynamalıdır. Səviyyə fərqi daha az olardı, qolların sayı da azalardı, amma oyunların keyfiyyəti daha yüksək olardı. Oyunların sayı artdıqca zədələr də çoxalır”, – deyə təcrübəli mütəxəssis vurğulayıb.
Xatırladaq ki, UEFA 2024/25 mövsümündən etibarən Çempionlar Liqasının formatını dəyişib. Əvvəlki qrup mərhələsinin əvəzinə 36 komandanın iştirak etdiyi vahid liqa mərhələsi tətbiq olunub. Hər komanda bu mərhələdə səkkiz fərqli rəqiblə qarşılaşır.
Qeyd edək ki, Lui van Qal Çempionlar Liqasının qalibi kimi də tanınır. O, 1994/95 mövsümündə “Ayaks”ı turnirin çempionu edib. Amsterdam təmsilçisi ilə 1996-cı ildə finala yüksələn mütəxəssis 2010-cu ildə “Bayern”lə də həlledici oyunda iştirak edib.


