“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Azərbaycan Premyer Liqasının 9-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə “Qəbələ” 2:1 hesablı qələbəyə sevinib.
Yeton Bekiri matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Hər iki komanda üçün çətin oyun oldu. Qələbə çox vacib idi. Bu gün qalib gəldik. Dayanmaq olmaz. Qarşıdakı matçlarda da qələbə qazanmaq lazımdır. Zamanla daha yaxşı olacağıq.
Hər oyunun öz taktikası olur. Vəziyyətə uyğun qərar vermək lazımdır. Bu gün ilk qolu biz vurduq. “Araz-Naxçıvan”ın keyfiyyətli oyunçuları var. Onlar bizi müdafiəyə çəkilməyə məcbur etdilər. Oyunda razı qaldığım və qalmadığım məqamlar var.
Bəli, oyunçuları mən seçməmişəm. Amma komanda üzvlərinin hamısı keyfiyyətli futbolçulardır. Biz sadəcə oyun üslubunu dəyişdik. Futbolçuların mənim fəlsəfəmi başa düşməsi üçün vaxt lazımdır. Bəzi oyunçular komandaya gec qatıldıqları üçün formada deyillər. Günü-gündən daha yaxşı olacağıq”.
Yeton Bekiri növbəti turda qarşılaşacaqları “Qarabağ”la oyundan da danışıb:
“Ölkənizi çox sevirəm. Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəkdir. Burada güclü komandalar çoxdur. “Qarabağ” yaxşı komandadır, baş məşqçiləri uzun müddətdir orada çalışır. Ölkənin ən yaxşı mütəxəssislərindən sayılır. Amma onu deyim ki, “Qarabağ”ın ötənilki heyəti daha güclü idi”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov isə komandasının növbəti məğlubiyyətinə belə aydınlıq gətirib:
“Hər dəfə sadə qollar buraxırıq. Sanki rəqibə hədiyyə edir, əvəzində çətinliklə qol vururuq. Futbolçular meydanda bacarıqlarını etməyə çalışırlar. Futboldur, səhv etmək olar, ancaq görünən odur ki, ustalıq səviyyəsi çatmır. Növbəti oyunlara hazırlaşacağıq. İndiki məqamda nəyisə dəyişmək çətindir.
“Sumqayıt”la oyunda da birinci hissədə yaxşı oynadıq, qol vurduq, lakin ikinci hissədə üstünlüyü rəqibə verdik. Çalışırıq ki, hər dəfə əvəzetmələrlə oyunu gücləndirək, ancaq alınmır”.


