“Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində keçirəcəyi oyunların vaxtı və məkanları bəlli olub.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Məlum olduğu kimi, Ağdam komandası bu mərhələdə Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivi ilə mübarizə aparacaq. Komandalar arasında ilk oyun oktyabrın 28-də Bakıda keçiriləcək. “Azərsun Arena”da təşkil olunacaq qarşılaşmaya saat 15:30-da start veriləcək.
Cavab görüşü isə noyabrın 4-də Xorvatiyada baş tutacaq. Zapreşiç şəhərindəki “İvan Lalyak-İviç” stadionunda keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 16:00-da səslənəcək.
Qeyd edək ki, UEFA Gənclər Liqasının Çempionlar yolunda iki oyunun nəticəsinə əsasən mərhələni keçən komanda növbəti mərhələyə yüksələcək. Məğlub olan komanda isə mübarizəni dayandıracaq.
Bu mövsüm Azərbaycanı UEFA Gənclər Liqasında “Qarabağ” ilə yanaşı, “Sabah”ın U-19 komandası da təmsil edir. Turnirin Liqa mərhələsində mübarizə aparan paytaxt təmsilçisi indiyə qədər keçirdiyi hər üç oyundan məğlubiyyətlə ayrılıb.


