“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 10-cu turunda “Deportivo”ya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, argentinalı mütəxəssis qarşıdakı matça kökləndiklərini və gələcək rəqiblər barədə düşünmədiklərini bildirib.
Jurnalistlər Simeonedən “Real” – “Barselona” qarşılaşmasının keçiriləcəyi və Madrid təmsilçisinin daha sonra “Barselona” ilə üz-üzə gələcəyi üçün “Deportivo” ilə oyunun xüsusi əhəmiyyət daşıyıb-daşımadığını soruşublar.
“Barselona” ilə oyuna qədər bizi “Levante” və “Bayern”lə qarşılaşmalar gözləyir. Qarşıda hələ çox oyun var. Biz yalnız sabahkı matçı və rəqibimiz üçün çətinliklər yaratmağın yollarını düşünürük”, – deyə baş məşqçi vurğulayıb.
Dieqo Simeone “Deportivo”nun mübarizə əzmini də yüksək qiymətləndirib. O, qalisiya təmsilçisinin nəticələrindən asılı olmayaraq, hər oyunda yaxşı təsir bağışladığını qeyd edib:
“Deportivo” bütün matçlarında əzmlə mübarizə aparır. Qələbələri, heç-heçələri və məğlubiyyətləri olub, amma komanda həmişə yaxşı səviyyədə çıxış edir. Onlar cəsarətli komandadır. Ötən mövsüm İspaniya Kubokunda da onlarla qarşılaşmışdıq və həmin oyun asan keçməmişdi. Bütün diqqətimizi qarşıdakı görüşə layiqincə hazırlaşmağa yönəldirik”.
Qeyd edək ki, “Atletiko” – “Deportivo” matçı bu gün Madrid şəhərindəki “Metropolitano” stadionunda keçiriləcək.


