Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq

Futbol üzrə Almaniya çempionu “Bayern”in belçikalı baş məşqçisi Vensan Kompani ən azı bir neçə gün xəstəxanada müalicə alacaq.

Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun idman direktoru Maks Eberl məlumat verib. Onun açıqlamasını klubun mətbuat xidməti yayıb.

Cümə günü, oktyabrın 23-də 40 yaşlı belçikalı mütəxəssisin komandanın məşq bazasında huşunu itirdiyi və helikopterlə xəstəxanaya çatdırıldığı məlum olub. Bildirilib ki, Kompani son vaxtlar virus infeksiyasından əziyyət çəksə də, özünü yaxşı hiss etməməsinə baxmayaraq, işini tam həcmdə davam etdirib.

Eberl məşqçinin vəziyyətinin hazırda stabil olduğunu bildirib:

“Yaxşı xəbər odur ki, onun vəziyyəti stabildir. Dünən axşam onun özü və həyat yoldaşı ilə danışdım. Hamımız üçün xoşagəlməz hadisə idi. O, dünən meydanda huşunu itirdi və bütün müayinələr başa çatana qədər daha bir neçə gün xəstəxanada qalacaq.

Bu hadisə bir daha göstərir ki, həyatda ən vacib məsələ futbol deyil, sağlamlıqdır. Hamımız ona tezliklə sağalmağı arzulayırıq. Kompani yalnız hazır olduqdan sonra işinə qayıdacaq”, – deyə klub rəsmisi vurğulayıb.

Qeyd edək ki, Vensan Kompani 2024-cü ilin mayından “Bayern”ə rəhbərlik edir. Onun rəhbərliyi altında Münhen təmsilçisi iki dəfə Almaniya çempionu olub, iki dəfə ölkə Superkubokunu və bir dəfə Almaniya Kubokunu qazanıb.

Belçikalı mütəxəssis daha əvvəl “Anderlext” və “Börnli” klublarında çalışıb. O, “Anderlext”lə Belçika Kubokunun finalına yüksəlib, “Börnli” ilə isə İngiltərə Premyer Liqasından aşağı liqaya düşüb.

“Bayern” Almaniya Bundesliqasında 6 turdan sonra 14 xalla turnir cədvəlinə başçılıq edir. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3 oyundan 5 xal toplayıb. Münhen klubu cari mövsümdə hələ məğlubiyyətlə üzləşməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: