Yuri Vernidub: “Burada xal itirməməli idik”

“Neftçi”nın baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 10-cu turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü paytaxt klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Yuri Vernidub oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Fikrimcə, yaxşı oyun oldu. Bilirdik ki, “Şamaxı” heç də asan rəqib deyil və 3 xal qazanmaqdan ötrü çox çalışmalıyıq. İlk dəqiqələrdə meydan sahibləri ciddi hücumlar qurmuşdular. Buna baxmayaraq, qısa zamanda özümüzü toparlayıb standart vəziyyətdən fərqləndik. Fasiləyə heç-heçə ilə yollandıq deyə, oyunçulara dedik ki, ikinci hissədə təzyiqi bir az da artırmaq lazımdır. Futbolçulara demişdim ki, burada xal itirməməliyik. Onlar tapşırığın öhdəsindən layiqincə gəldilər. Ümumiyyətlə, ikinci hissədəki oyunumuz xoşuma gəldi. Üstəlik, sonradan meydana daxil olanlar da özlərini yaxşı tərəfdən göstərdilər. Əsas odur ki, qalib gəldik. Yolumuza davam edirik. Azarkeşlərimizə çox təşəkkür edirəm. Bizi çox gözəl dəstəklədilər. Buna görə də onların qarşısında baş əyirəm”.

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Maraqlı oyun alındı. Bu qarşılaşma futbolçularımız üçün böyük təcrübə oldu. Matç gözlədiyimiz kimi “Neftçi”nin təzyiqi ilə başladı. Lakin futbolçularım bu təzyiqin öhdəsindən gəldilər. İlk hissədə bir neçə yüzfaizlik qol imkanımız oldu. Təəssüf ki, fürsətlərdən yararlanaraq hesabda önə keçə bilmədik. Daha güclü və hazırlıqlı olmalıyıq. Meydanda hər şeylə qarşılaşa bilərik. Bütün təzyiqlərə sinə gərməliyik. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: