Azər Məmmədov: “Gəncədə “Kəpəz”ə qarşı oynamaq çətindir”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının 10-cu turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Gəncədə baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Azər Məmmədov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı və son iki matçda qələbə qazanmış komandaya qarşı oynayırdıq. Amma rəqib də yaxşı bilir ki, Gəncədə “Kəpəz”ə qarşı mübarizə aparmaq həmişə çətindir. Ancaq bu qələbədə əsas pay sahibi gəncəli azarkeşlərdir. Tribunalardakı dəstəklə yanaşı, futbolçularımız da meydanda çox istəkli və əzmkar oyun sərgilədilər. Həm azarkeşlərimizə, həm də komandamıza təşəkkür edirəm. Komandamız hər tur daha da inkişaf edir. Ən sevindirici məqamlardan biri odur ki, artıq neçə oyundur qol vururuq, bu gün isə qapımızı toxunulmaz saxlaya bildik. Bu templə davam etsək, xallarımızın sayı daha da artıracaq. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Son iki matçda, həm “Şamaxı”, həm də bu gün “İmişli” ilə görüşdə sırf “9 nömrə” olmadan oynamalı olduq. Belə çətinliyə baxmayaraq, son iki oyunda üç qol vurmağımız futbolçuların nə qədər böyük əmək sərf etdiyini göstərir.

Kennet Kalunqa zədəli idi və bərpa prosesindən yeni qayıtmışdı. Onu əvvəldən meydana buraxıb yenidən zədələsəydik, uzun müddətə itirə bilərdik. Düşündüm ki, onun hazır olduğu müəyyən bir vaxt var və məhz həmin dəqiqələrdə komandaya kömək etməsi daha məqsədəuyğundur. Kalunqanın və Namiq Ələsgərovun meydana daxil olması komandamıza əlavə effekt verdi. Namiq də “Zirə” ilə oyundan sonra zədə almışdı və biz onları qorumağa çalışırdıq. Onların sağlamlığı bizim üçün hər şeydən öndədir. İstəmirdik ki, onları uzun müddətə itirək. Görünən odur ki, həm Namiq, həm də Kalunqa lazım olan anda meydana çıxıb komandanın gücünə güc qata bilirlər”.

“Kəpəz”in bizdən daha yaxşı olduğunu deməzdim” – Perkon

“İmişli”nin baş məşqçisi Ervin Perkon isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Öncə hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Belə atmosferdə oynamaq çox xoş idi. Burada keçirilən əvvəlki matçlara baxmışıq. Gəncə şəhər stadionunda oynamaq həqiqətən çətindir. Komandamın performansı yaxşı idi. Amma nəticə istədiyimiz kimi olmadı. Məqsədimiz 3 xal qazanmaq idi. Təəssüf ki, buna nail ola bilmədik. Rəqib çox yaxşı qol vurdu. Biz isə öz şanslarımızdan yararlana bilmədik. Buna görə də məyusam. “Kəpəz” bizdən daha yaxşı olduğunu deməzdim. Futbol səhvlər oyunudur. Qayda pozuntusu etdik və nəticədə cərimə zərbəsindən qapımızda qol gördük. Bəzi oyunçular ilk dəfə belə atmosferdə oynayırdılar. Matçdan əvvəl də futbolçularla bu barədə danışmışdıq. Bütün oyunçular karyeralarına başlayanda belə atmosferdə oynamağı xəyal edirlər. Burada oynamaq həm mənim üçün, həm də komandamın üzvləri üçün çox xoş idi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: