“Qarabağ” antirekordun bir addımlığında!

“Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümündəki qolsuzluq seriyasını 3 oyuna çatdırıb.

Arena.az xəbər verir ki, “Sabah” və “Qəbələ” ilə qolsuz heç-heçələrdən sonra Ağdam klubu 11-ci turda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.

Qurban Qurbanovun yetirmələri son 15 mövsümdə ilk dəfə belə seriya ilə üzləşib. Ağdam təmsilçisi sonuncu dəfə 2011/2012-ci illər mövsümündə ardıcıl üç qarşılaşmada qol vurmayıb.

15 il 3 ay əvvəl – 2011-ci il avqustun 21-də “Kəpəz”i səfərdə 2:1 hesabı ilə məğlub etdikdən sentyabrın 24-də AZAL-ın meydanındakı 3:1 hesablı qələbəyədək Ağdam klubu üç qolsuz görüş keçirib. Evdə avqustun 27-də “Qəbələ, sentyabrın 17-də “Xəzər Lənkəran”a eyni – 0:1 hesabı ilə uduzan komanda sentyabrın 11-də Sumqayıtda eyniadlı komanda ilə heç-heçə edib – 0:0.

“Qarabağ”ın Azərbaycan çempionatlarındakı ən uzun qolsuz seriyası 4 matçdan ibarətdir. Belə seriya 2 dəfə qeydə alınıb. Ağdam klubu daha bir görüşdə fərqlənə bilməsə, bu antirekordu təkrarlayacaq.

Qeyd edək ki, Ağdam klubu həm də ardıcıl 4 oyunda qələbə qazanmamaqla son 11 mövsümdə ilk dəfə belə halla üzləşib. Sözügedən komanda sonuncu dəfə 2015/2016-cı illər mövsümündə belə seriya yaşayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: