“Araz-Naxçıvan” komandası Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün birinci dövrəsində qələbə qazana bilməyib.
Arena.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi keçirdiyi 11 matçda 4 heç-heçə edib və 7 dəfə məğlub olub.
Son 4 mövsümdə ilk dəfə iştirakçılardan biri Azərbaycan Premyer Liqasının startında ardıcıl 11 görüşdə qələbə qazanmayıb. Sonuncu belə seriya 2022/2023-cü illər mövsümündə yaşanıb. Həmin vaxt iki komanda – “Sumqayıt”la “Şamaxı” ilk 11 turda qalib gələ bilməyib.
Qeyd edək ki, 4 il əvvəl də hər iki komanda 11 matçda 4 xal toplamışdı.
“Araz-Naxçıvan” cari mövsümdə topladığı 4 xalla 12 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi ikinci dövrədəki ilk oyununu evdə lider “Neftçi”yə qarşı keçirəcək.


