ABŞ məhkəməsi FIFA-nın UEFA ilə bağlı tələbini rədd etdi

ABŞ-ın Nyu-York Cənub Dairəsi Məhkəməsi FIFA-nın törəmə şirkətlərinin UEFA-nın apardığı araşdırmaya müdaxilə etmək tələbini rədd edib.

Arena.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məhkəmənin qərarında bildirilib ki, ABŞ-da FIFA-nı təmsil edən tərəflərin prosesdə iştirakını əsaslandıracaq birbaşa, əhəmiyyətli və hüquqi baxımdan qorunan marağı yoxdur.

UEFA daha əvvəl FIFA-nın törəmə təşkilatlarından şahid ifadələri və sənədlər əldə etmək üçün məhkəməyə müraciət edib. Sözügedən materialların İsveçrədə FIFA prezidenti Canni İnfantino və təşkilatın digər rəsmilərinə qarşı başlanması planlaşdırılan cinayət işində istifadə olunması nəzərdə tutulur.

Araşdırmanın mərkəzində FIFA-nın gəlirlərin artırılması məqsədilə yeni kommersiya strukturu yaratmaq təşəbbüsü dayanır. İyul ayında İnfantinonun FIFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək “FIFA Forward Enterprise” adlı şirkət yaratmaq istədiyi məlum olub.

FIFA-nın açıqlamasına görə, bu model təşkilata üzv assosiasiyaların gəlirlərini artırmaq və dünya futbolunun inkişafına əlavə vəsait yönəltmək imkanı verə bilərdi. Təşəbbüsün təxminən 4,2 milyard ABŞ dolları gəlir cəlb edə biləcəyi bildirilirdi.

Lakin layihə futbol funksionerləri, milli federasiyalar və digər təşkilatlar tərəfindən ciddi tənqid və etirazlarla qarşılanıb.

Qeyd edək ki, 56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralında FIFA prezidenti seçilib. O, daha sonra iki dəfə alternativsiz şəkildə yenidən bu vəzifəyə seçilib.

FIFA prezidentliyinə növbəti seçkilərin 2027-ci ilin martında Mərakeşin paytaxtı Rabatda keçirilməsi planlaşdırılır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: