AFFA UEFA Millətlər Liqasının Ermənistan – Kipr oyununda baş vermiş insidentlə bağlı UEFA-ya rəsmi etiraz məktubu ünvanlayıb.
Arena.az bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, qurum UEFA-ya rəsmi məktubla müraciət edərək ötən gün UEFA Millətlər Liqasının C Liqasının 2-ci qrupunun 5-ci turu çərçivəsində keçirilmiş Ermənistan – Kipr oyunu zamanı tribunalarda nümayiş etdirilmiş təxribat xarakterli pankart və simvollarla əlaqədar öz etirazını bildirib.
Qarşılaşma zamanı tribunada Azərbaycan Respublikasının ərazisində qanunsuz yaradılmış keçmiş qondarma separatçı rejimin adı və bayrağı nümayiş etdirilib. Mövcudluğuna son qoyulmuş qondarma rejimin rəmzlərinin beynəlxalq futbol oyunu zamanı nümayiş etdirilməsi qəbuledilməzdir.
AFFA-nın baş katibi Cahangir Fərəcullayevin imzaladığı etiraz məktubunda qeyd edilir ki, UEFA-nın İntizam Qaydalarına görə stadionlarda siyasi, ideoloji, dini və təxribat xarakterli söz və ifadələrdən istifadə etmək qəti qadağandır və separatçı rəmzlərin koordinasiya edilmiş tərzdə nümayiş etdirilməsi UEFA bayrağı altında keçirilən turnirlərdən siyasi təbliğat vasitəsi kimi istifadə etmək cəhdidir.
“Qeyd edilənləri nəzərə alaraq AFFA bu insidenti araşdırmağa, onunla əlaqədar intizam tədbirləri görməyə və gələcəkdə oxşar insidentlərin qarşısını almağa çağırır”, – məktubda qeyd edilir.



