Futbol üzrə Almaniya millisinin sabiq qapıçısı, hazırda “Bayern”in şərəfini qoruyan Manuel Noyer həyat yoldaşı Anika Noyerdən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Almaniyanın “Bunte” və “Bild” nəşrləri məlumat yayıb.
RTL-in məlumatına görə isə cütlüyün ayrılığı artıq oktyabrın əvvəlində baş verib.
40 yaşlı Noyer və 26 yaşlı Anika Noyer təxminən altı il münasibətdə olublar. Cütlük 2023-cü ilin noyabrında Tegernze şəhərində kiçik mərasimlə rəsmi nikaha daxil olub. Onlar 2025-ci ilin iyulunda İtaliyanın Cənubi Tirol bölgəsində ailə və dostlarının iştirakı ilə böyük toy mərasimi keçiriblər.
Cütlüyün 2024-cü ilin martında Luka adlı oğlu dünyaya gəlib. Bu ilin avqustunda isə onların ikinci oğlan övladının dünyaya gəldiyi barədə məlumat yayılıb. Beləliklə, ayrılıq cütlüyün ikinci övladının doğulmasından cəmi bir neçə həftə sonra baş verib.
Almaniya mətbuatının məlumatına görə, Anika Noyerin hələ də Tegernze gölü yaxınlığındakı ailə evində yaşadığı bildirilir. Onların iki övladının maraqları naminə əlaqəni qoruduqları qeyd olunur. Manuel Noyer isə son vaxtlar bir neçə dəfə nikah üzüyü olmadan görüntülənib.
Noyer və həyat yoldaşı ayrılıqla bağlı rəsmi açıqlama verməyiblər. Futbolçunun media məsləhətçisi də məsələyə münasibət bildirməyərək onun şəxsi və ailə həyatına hörmət edilməsini xahiş edib.
Qeyd edək ki, bu, Noyerin ikinci nikahının da sona çatması deməkdir. Qapıçı daha əvvəl Nina Vaysla evli olub. Onların 2017-ci ildə başlayan nikahı 2020-ci ildə boşanma ilə nəticələnib.


