U-19 və U-17 yığmalarımız 4 cavabsız qolla uduzdular

Azərbaycanın futbol üzrə U-19 və U-17 milli komandaları bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, U-19 millimiz 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda ikinci matçına çıxıb.

B Liqasının 1-ci qrupunda yer almış komandamız Serbiyanın paytaxtı Belqradda təşkil edilmiş görüşdə meydan sahibləri ilə qarşılaşıb. Qarşılaşma Azərbaycan yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, U-19 millimiz bundan əvvəl Monteneqroya 2:7 hesabı ilə uduzub. Komandamız qrupdakı sonuncu oyununda noyabrın 17-də Farer adaları ilə qarşılaşacaq.

Hazırda qrupda Serbiya və Monteneqro 6 xalla ilk iki pilləni bölüşür. Farer adaları və Azərbaycan isə xalsızdır.

U-17 millimiz də bu gün seçmə mərhələdə növbəti oyununu keçirib. 2027-ci il Avropa çempionatının 1-ci seçmə mərhələsinin 2-ci qrupunda yer alan komandamız Şimali İrlandiya ilə üz-üzə gəlib. Görüş Azərbaycan yığmasının 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azərbaycan millisi ilk turda Almaniyaya 0:7 hesabı ilə uduzmuşdu. Komandamız qrupdakı sonuncu matçında noyabrın 17-də Litva ilə qarşılaşacaq.

Hazırda qrupda Almaniya 6 xalla liderdir. Litva və Şimali İrlandiyanın hərəsinin 3 xalı var. Xalsız olan Azərbaycan millisi isə sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: