Hazırda İngiltərənin futbol üzrə üçüncü liqasında mübarizə aparan “Lester Siti”nin sahibləri klubu satmaq planından imtina ediblər.
Arena.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Bildirilib ki, “Lester Siti”nin sahibi olan Şrivaddanaprabha ailəsi klubun satışı prosesini rəsmən dayandırıb və bu barədə təşkilatın əməkdaşlarını məlumatlandırıb.
Hazırkı rəhbərlik bundan sonra əsas diqqəti klubun idman inkişafına və komandanın daha yüksək diviziona qaytarılmasına yönəltmək niyyətindədir.
Lester təmsilçisinin satışa çıxarılması barədə məlumatlar 2026-cı ilin avqustunda yayılmışdı. Klubun 200-300 milyon ABŞ dolları qarşılığında satılması planlaşdırılırdı. Potensial investorları cəlb etmək üçün “Citigroup” investisiya bankı klubun aktivlərini əhatə edən xüsusi təqdimat da hazırlamışdı.
Satış paketinə kişi və qadın komandaları, akademiya, “King Power” stadionu, “Seagrave” və “Belvoir Drive” təlim bazaları, stadionun ətrafındakı torpaq sahəsi, həmçinin eyni sahibliyə daxil olan Belçikanın “Oud-Heverlee Leuven” klubu daxil idi.
“Lester Siti” 2010-cu ildən Taylandın Şrivaddanaprabha ailəsinin nəzarətindədir. Ailənin klub sahibliyi dövründə “tülkülər” tarixlərinin ən böyük uğurlarına imza atıblar.
Belə ki, sözügedən komanda 2015/2016-cı illər mövsümündə tarixində ilk dəfə İngiltərə çempionu olub, 2021-ci ildə isə ilk dəfə İngiltərə Kubokunu və İngiltərə Super Kubokunu qazanıb. Klubun həmçinin üç Liqa Kuboku (1964, 1997, 2000) və daha bir İngiltərə Super Kuboku (1971) qələbəsi var.
Qeyd edək ki, “Lester” son illərdə ciddi idman böhranı yaşayıb. Komanda nəticədə İngiltərə futbolunun üçüncü səviyyəsi olan Liqa 1-ə qədər geriləyib.
Klubun sahibi Viçay Şrivadхanaprabha 2018-ci ilin oktyabrında “King Power” stadionundan havaya qalxdıqdan dərhal sonra helikopter qəzasında həlak olub. Bundan sonra klubun idarəçiliyi onun oğlu Ayavatt Şrivadхanaprabhaya keçib.


