Ekvadorun “Ciudad de Yantzaza” klubunun müdafiəçisi Con Perlas hakimə daş atdığı üçün 8 il müddətinə futboldan uzaqlaşdırılıb.
Arena.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının (FEF) İntizam Komitəsinin qərarında bildirilib.
Hadisə oktyabrın 17-də Ekvadorun üçüncü divizionunda çıxış edən “Ciudad de Yantzaza” ilə “Rio Aguarico” arasında keçirilən matç zamanı baş verib. Perlasanın tribunadan götürdüyü daşı meydana atdığı və daşın baş hakimin köməkçisinin üzünə dəydiyi qeyd olunub.
Nəticədə qarşılaşma dayandırılıb və daha sonra davam etdirilməyib. Zərərçəkən hakimə təcili tibbi yardım göstərilib. FEF-in məlumatına görə, onun aldığı xəsarətlər cərrahi müdaxilə tələb edib. Hakimin tam bərpası və reabilitasiyası üçün 60 günədək müddət lazım ola bilər.
İntizam Komitəsi araşdırmanın yekununda Perlasanı matçın rəsmi şəxsinə qarşı fiziki hücumda təqsirli bilib. Futbolçu 19 oktyabr 2034-cü ilədək futbolla bağlı istənilən fəaliyyətdən kənarlaşdırılıb.
Bundan başqa, “Ciudad de Yantzaza” klubu futbolçusunun davranışına görə məsuliyyətə cəlb olunub. Komanda 2 min ABŞ dolları məbləğində cərimələnib və hakimin müalicə xərclərinin qarşılanması üçün əlavə olaraq 4,3 min dollar ödəməli olacaq.
Kluba daha bir sanksiya tətbiq edilib. Belə ki, “Ciudad de Yantzaza” növbəti üç ev oyununu öz stadionunda keçirə bilməyəcək.


