Lionel Messi AFA-ya qarşı hüquqi addım atmağa hazırlaşır

ABŞ klubu “İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina Futbol Assosiasiyasına (AFA) qarşı hüquqi addım atmağa hazırlaşır.

Arena.az xəbər verir ki, səkkizqat “Qızıl top” sahibi AFA-dan öz adının kommersiya məqsədləri üçün istifadəsini dayandırmağı tələb etmək niyyətindədir.

Məlumata görə, Messinin hüquq komandası bununla bağlı rəsmi sənədin hazırlanması üçün mütəxəssisləri prosesə cəlb edib. Bu addımın AFA ətrafında son dövrlərdə yaranmış maliyyə qalmaqalları fonunda atılacağı bildirilir.

Qeyd edək ki, Messi 2023-cü ildən ABŞ-ın MLS liqasında çıxış edən “İnter Mayami”nin futbolçusudur. Argentinalı bundan əvvəl Avropada PSJ və “Barselona”nın formasını geyinib.

Messi “Barselona” ilə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və üç dəfə Klublararası Dünya Kubokunu qazanıb. O, Argentina millisi ilə 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub. Messi həmçinin 2008-ci ildə Olimpiya çempionu adını qazanıb.

39 yaşlı hücumçu Argentina millisinin tarixində həm oyun, həm də qol sayına görə rekordçudur. O, milli komandada 208 oyun keçirib və 126 qol vurub.

Lionel Messi həmçinin dünya çempionatlarının final mərhələsində ən çox iştirak edən futbolçulardan biridir. O, karyerası ərzində altı dünya çempionatında meydana çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: