Futbol üzrə Fransa milli komandasının sabiq üzvü Layvin Kurzava 34 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşdığı video və açıqlama ilə məlumat verib.
Kurzava 16 illik peşəkar karyerasına yekun vurduğunu bildirib:
“Bir gün başlamaq lazım idi. Bu gün isə bitirməyi bacarmaq lazımdır. Bu qədər illik ehtiras, fədakarlıq, arzular və emosiyalardan sonra həyatımın möhtəşəm bir səhifəsini çevirməyin vaxtı gəlib. Futbol mənə hər şeyi öyrətdi, mənə çox şey yaşatdı və çox şey verdi. Bu, sadəcə karyera deyil, ehtirasla dolu bütöv bir həyat idi”.
Karyerasının ən uğurlu dövrünü PSJ-də keçirmiş Kurzava 2015-ci ildə “Monako”dan Paris klubuna keçib. O, 2024-cü ilə qədər PSJ-nin formasını geyinib və bu müddətdə 5 dəfə Fransa çempionu, 3 dəfə Fransa Kubokunun və 4 dəfə Liqa Kubokunun qalibi olub. Ümumilikdə Paris təmsilçisinin heyətində 154 rəsmi oyuna çıxmış müdafiəçi 14 qol vurub.
Fransalı müdafiəçi 2020-ci ildə PSJ ilə UEFA Çempionlar Liqasının finalına da yüksəlib. Paris klubu həmin finalda “Bayern”ə 0:1 hesabı ilə məğlub olub.
Kurzava UEFA Çempionlar Liqasında göstərdiyi unikal nəticə ilə də tarixə düşüb. O, 2017-ci ildə “Anderlext”ə qarşı oyunda 3 qol vuraraq turnirin tarixində bir matçda het-trik edən yeganə müdafiəçi olub.
“Monako”nun yetirməsi olan futbolçu 2010-cu ildə əsas komandada debüt edib. PSJ-dən ayrıldıqdan sonra İngiltərədə “Fulhem”də icarə əsasında çıxış edib, daha sonra Portuqaliyanın “Boavişta” klubunda oynayıb.
Layvin Kurzava 2026-cı ilin əvvəlində karyerasını İndoneziyanın “Persib” klubunda davam etdirib. Komanda ilə ölkə çempionluğunu qazanan müdafiəçi mövsümün sonunda klubdan ayrılıb və iyundan etibarən azad agent statusunda olub.
Fransa millisində 2014-2019-cu illər ərzində 13 oyun keçirmiş Kurzava 1 qol vurub. O, milli komandaya dəvət aldığı illəri karyerasının ən böyük qürur mənbələrindən biri kimi qiymətləndirib.


