Futbol üzrə İngiltərə milli komandasının kapitanı, Almaniya çempionu “Bayern”in şərəfini qoruyan Harri Keyn tarixi göstəriciyə imza atıb.
Arena.az xəbər verir ki, 33 yaşlı hücumçu UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda İspaniyaya qarşı keçirdikləri səfər oyununda penaltidən fərqlənib.
Bu qol sayəsində Keyn İngiltərə millisinin heyətində ardıcıl 7-ci səfər oyununda da rəqib qapısına yol tapıb. “Opta”nın məlumatına görə, bu nəticə milli komandanın tarixində yalnız bir dəfə qeydə alınıb.
Keyndən əvvəl İngiltərə millisinin heyətində buna Tom Finni nail olub. Əfsanəvi hücumçu 1946-cı ilin sentyabrından 1948-ci ilin mayınadək millinin ardıcıl 7 səfər qarşılaşmasında qol vurub.
Beləliklə, Keyn 78 il sonra Finniyə məxsus tarixi göstəricini təkrarlayıb.
Qeyd edək ki, Harri Keyn uzun müddətdir İngiltərə millisinin əsas qol silahlarından biridir. “Bayern”in hücumçusu yığmanın tarixində ən çox qol vuran futbolçudur. 33 yaşlı forvard millinin heyətində meydana çıxdığı 127 oyunda 93 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub.


